"Google", "Chrome" brauzerini süni intellektlə bir araya gətirəcək mühüm funksiya üzərində işləyir.

İndex.az xəbər verir ki, "Glic" kod adlı bu yenilik "Gemini Live" adlı süni intellektlə dəstəklənən köməkçini brauzerə inteqrasiya etmək məqsədi daşıyır.

"Leopeva64" adlı istifadəçinin sızdırdığı məlumata görə, "Glic Chrome"un gələcək strukturunu dəyişə biləcək xüsusiyyətlərə malikdir. Görünür, funksiyanın parametrlər menyusuna xüsusi səhifə əlavə edilib.

Bundan əlavə, mikrofon və məkana giriş tələb etməsi bu funksiyanın istifadəçilərlə interaktiv olacağını göstərir. Bildirilir ki, hətta baxılan səhifələr haqqında kontekstual məlumat verən panel və ya yan istifadəçi interfeysi də ola bilər.

"Gemini Live"in güclü araşdırma və ümumiləşdirmə imkanları bu inteqrasiya ilə brauzer təcrübəsini fərqli səviyyəyə qaldıra bilər.