FED-in İdarə Heyətinin üzvü Kristofer Uoller faiz dərəcələrinin gözləniləndən daha uzun müddər yüksək həddə qala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İndex.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin Üzvü Kristofer Uoller Arkanzas Dövlət Universitetindəki çıxışında bildirib ki, inflyasiyanın sürətli enişinin yaxın gələcəkdə gözlənilmir:
"FED-in inflyasiyanı azaltması üçün daha çox vaxta ehtiyacı var. Buna görə də, faiz dərəcələrinin gözləniləndən daha uzun müddət yüksək həddə qala bilər. ABŞ iqtisadiyyatı indiyədək inflyasiyanın qarşısını almaq üçün lazım olan yüksək faiz dərəcələrinə yaxşı uyğunlaşıb. 2022-ci ildə iqtisadi fəallıq yavaşlasa da, düşünürəm ki, FED 2023-cü ildə fəaliyyəti daha da yavaşlatmaq üçün sərt monetar siyasət mövqeyini bir müddət saxlamalı olacaq. İnflyasiyanın azaldılmasında irəliləyiş əldə etdiyimizə baxmayaraq, bu gün işin hələ tam görülmədiyini bilməyinizi istəyirəm. Bu, uzun bir mübarizə ola bilər. Hazırda faiz dərəcələri bəzilərinin gözlədiyindən daha yüksəkdir".
