FED orta ölçülü banklara daha sərt qaydalar tətbiq etməyi düşünür.

İndex.az xəbər verir ki, “Silikon Vadisi Bankı” (SVB) da daxil olmaqla üç bankın bir həftə ərzində müflis olmasından sonra Federal Ehtiyat Sistemi daha sərt kapital və likvidlik tələbləri, eləcə də illik stress testlərini gücləndirmək üçün orta ölçülü bankları tənzimləyən qaydalarında dəyişikliklər etməyi planlaşdırır.

“Bloomberg”in yaydığı məlumatda bildirilir ki, FED rəsmiləri orta ölçülü banklar üçün kapital və likvidlik hədlərini, “Wall Street”in ən böyük firmalarının üzləşdiyi məhdudiyyətlərə yaxınlaşdıra biləcək qaydaları müzakirə edirlər.

Məlumatda bildirilib ki, qiymətləndirilmiş dəyişiklik bankların böhrana davamlılığını ölçmək üçün tətbiq edilən stress testlərinə təsir göstərə bilər.

Qeyd edək ki, SVB-nin iflasından sonra ciddi satış təzyiqi ilə üzləşən regional bankların rəhbərliyi ucuzlaşan qiymətlərlə öz bank səhmlərini yığmağa başlayıb.

Belə ki, “PacWest Bancorp”, “Metropolitan Bank Holding” və 100-dən çox bank, o cümlədən “CVB Financial” öz səhmlərini almaq üçün ən azı 13,9 milyard dollar xərcləyib.

Əməliyyatların əksəriyyəti son bir neçə gündə baş verib.

Digər tərəfdən, “Moody's” depozitlərdə və investorların inamında əhəmiyyətli bir azalma olduğunu qeyd edərək, ABŞ bank sistemi ilə bağlı proqnozunu sabitdən mənfiyə endirib.