Azərbaycanda fəaliyyət göstərən bankların İdarə Heyəti sədrləri (CEO) arasında 20 ildən çoxdur bu vəzifəni tutan şəxslər var.
İndex.az-ın araşdırması nəticəsində məlum olub ki, ən uzunömürlü CEO "Unibank"ın rəhbəri Faiq Hüseynovdur. "Unibank" təsis olunandan, yəni 2002-ci ildən Faiq Hüseynov bankın CEO-sudur. Faiq Hüseynov ölkənin ən tanınmış və təcrübəli bankirlərindən biridir. Faiq Hüseynov həm də "Unibank"ın səhmdarıdır.

İkinci ən uzunömürlü CEO isə "Bank BTB"-nin rəhbəri Emil Rzayevdir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən kənarlaşdırılmasından sonra adıçəkilən bankın bağlanması gündəmdə olsa da, 2012-ci ildən Emil Rzayevin rəhbərliyi altında bank öz fəaliyyətini davam etdirir. Emil Rzayev mətbuata açıq olmadığı üçün onun haqqında məlumat məhduddur.

Ölkənin ən iri banklarından biri olan "Kapital Bank"ın CEO-su Rövşən Allahverdiyev ilk "üçlük"dədir. Rövşən Allahverdiyevin rəhbərliyi altında "Kapital Bank" olduqca böyük uğurlara imza atıb.

"Bank Avrasiya"nın CEO-su Rüfət Kərimov 2014-cü ildən bu vəzifəni tutur. Bu 8 il ərzində həm bank, həm də onun rəhbərliyi mətbuatla təmasda olmadığı üçün Rüfət Kərimov haqqında məlumat tapmaq çətindir. Yalnız o bəllidir ki, "Bank Avrasiya"nı Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq Direktorlar Şurasının sədri Rüfət Aslanlı və qardaşı Fuad Aslanov idarə edir.

"Yapı Kredi Bank Azərbaycan"ın CEO-su Cenk Yüksel 2015-ci ildən u vəzifəni tutur. Sözsüz ki, Cenk Yüksel böyük təcrübəyə malikdir. Lakin görünən odur ki, bu 7 il ərzində Azərbaycandakı həmkarlarından geri qalmamaq qərarına gəldi və mətbuata açıqlamalarını yalnız rüblük maliyyə hesabatlarını açıqlayan zaman sitat formasında "ötürür". Hərçənd, bu vəzifəyə yeni təyin olunan zaman mətbuata açıqlamaları ilə seçilirdi.

