"Son bir aya nəzər salsaq, Bakıda ən çox yol-nəqliyyat hadisəsi törədənlər taksi sürücüləridir".
Bunu İndex.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Araz Əsgərli bildirib.
Qurum rəsmisi qeyd edib ki, taksi şirkətlərinin avtomobilləri qəzalarda daha çox iştirak edir: "Qəzalarda iştiraka görə liderlər "Ravon", "Khazar" və "Toyota Prius" markalı avtomobillərdir. Ümumilikdə, ən çox qəza törədən isə "Toyota Prius" markalı avtomobillərin sürücüləridir".
A.Əsgərli yük avtomobilləri və avtobusların törətdiyi yol-nəqliyyat hadisələri barədə də danışıb:
"Son altı ayda paytaxtımızda avtobus sürücülərinin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu qəzalarda ölüm halı qeydə alınmayıb.
Yük avtomobilləri isə yarım ildə 8 yol-nəqliyyat hadisəsində iştirak ediblər. Qəzalarda 6 nəfər yaralanıb, 6 nəfər isə ölüb".
