Qarabağ öz enerji tələbatını tam ödəməklə yanaşı, artıq digər bölgələrə də “yaşıl enerji” ötürür.

İndex.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.

Onun fikrincə, hazırda Qarabağ iqtisadi rayonunda elektrik enerjisinin istehlakı 40 MVt-dan az olsa da, istehsal 100 MVt-dan artıqdır: “Yaxın illərdə bu rəqəmlərin dəfələrlə artması gözlənilir. Ən optimist ssenarilərə əsasən, regionun enerji tələbatı 1 000 MVt-a çata bilər. Hazırkı inkişaf tempi bu göstəricini qarşılayacaq səviyyədədir".

Nazir müavini qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilir: “Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən enerji təminatı işləri təkcə əhalinin keyfiyyətli enerji ilə təmin olunması deyil, həm də Azərbaycanın yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir".

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilər Azərbaycanın ilk yaşıl enerji zonası elan edilib və bu bölgə üzrə 2050-ci ilə qədər “xalis sıfır emissiya” öhdəliyi götürülüb: "Atılan addımlar həm qayıdan vətəndaşların rifahı, həm də yaşıl enerji keçidini təmin etmək məqsədi daşıyır".

Nazir müavinin sözlərinə görə, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi istehlakı 200 milyon kVt/saatı keçib: "Bu göstərici, təxminən, Naxçıvanın illik istehlakının 40 %-inə bərabərdir. Bu, regionda gedən bərpa və quruculuq işlərinin miqyasını və iqtisadi fəallığın artdığını göstərir".