"Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilovun İndex.az-a müsahibəsi:

- Hal-hazırda ölkəmizdə neçə nəfər əlilliyi olan şəxs var?

- Bildiyiniz kimi, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlilliyin qarşısını almaq üçün işlər görülür. Demək olar ki, onların əksəriyyətinin əlillik qruplarını yenidən müəyyənləşdirirlər. Söhbət pulla alınmış əlillik dərəcələrindən gedir. 2 il bundan qabaq 600 min əlilliyi olan insan var idisə, hal-hazırda bu rəqəm 100 minə enib. Bu statistika nə dərəcədə düzgündür, deyə bilmərəm, amma dünya üzrə əlilliyi olan şəxslərin sayı dünya əhalisinin 10-15%-ni təşkil edir.

- Əlillərimizdən neçəsinin əmək qabiliyyəti var və əmək qabiliyyəti olmasına baxmayaraq, neçəsi işsizdir?

- Ümumi götürdükdə ölkəmizdə əlilliyi olan şəxslərin təxminən 10%-i işləyir. Əlilliyi olan şəxslərin əmək qabiliyyətinin olub-olmaması məsələsinə gəldikdə isə, Sovet dövründən qalan bir damğa var ki, 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin əmək qabiliyyəti yoxdur. Halbuki, bu onlara verilən sənədlərdə qeyd edilməyib. Amma neçə ildir ki, həm ictimai birliklərin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səyləri nəticəsində bu damğa aradan qaldırılıb və bəzi müəssisələr, şirkətlər korporativ sosial məsuliyyətlərinə (KSM) uyğun olaraq əlilliyi olan şəxsləri işə götürməyə çalışırlar. KSM-ə əməl etməyən şirkətlər dövlət tərəfindən cərimələnir.

- Belə çıxır ki, əlilliyi olan şəxslərin 90%-i işsizdir...

- Dünyada baş vermiş siyasi hadisələr nəinki əlilliyi olan şəxslərin, hətta adi insanların da işlə təmin olunmasını çətinləşdirib. Təbii ki, əlilliyi olan şəxslər bu məsələdə daha çox problemlə qarşılaşır. Şirkətlər əlilliyi olan şəxsləri işə götürməkdən yayınırlar. Düşünürlər ki, verdikləri əməkhaqqının qarşılığında istədikləri verimi ala bilməyəcəklər. Lakin son illər dövlətin apardığı siyasət, BMT-də əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın imzalanması, ölkəmizdə 2018-ci ildə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun qəbul edilməsi sayəsində böyük şirkətlər, korporativ sosial məsuliyyət çərçivəsində öz sıralarında əlilliyi olan şəxsləri görmək istəyirlər. Buna görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də bizim təşkilata bununla bağlı müraciət edirlər. Bizim təşkilat əlilliyi olan şəxslərin işlə təmin olunmasını təşkil edən ilk təşkilatdır. Bəzi böyük şirkətlər bizə bununla bağlı müraciət edərək əllərində olan vakansiyalara uyğun əlilliyi olan şəxslər arasından onlar üçün işçi tapmağımızı xahiş edirlər.

- Bəs əlillərimiz ən çox hansı növ işlərlə təmin olunur?

- Əvvəllər böyük firmalar, şirkətlər mövcud olduğu halda əlilliyi olan şəxslər maksimum hallarda xadimə, qabyuyan və ya ev şəraitində bir işlə təmin oluna bilirdi. 2016-ci ildən sonra isə artıq "Bakcell", "Nar", "AccessBank", "Bank of Baku", "Deloitte", BP və s. iri şirkətlərdə auditor, kassir, kuryer və ofis şəraitində olan bir çox digər işlərdə çalışırlar. Yəni daha öncə kimsə kömək məqsədilə əlilliyi olan şəxsləri işə götürürdüsə, indi artıq heç həmin şəxsin əlilliyinin fərqinə varmadan məsuliyyətli işləri onun öhdəsinə verirlər.

- Sizcə dövlət tərəfindən bu miqyasda dəstək bəs edir?

- Təbii ki, dövlətin dəstəyi istədiyimiz səviyyədə deyil. Amma artıq tərpəniş var. Dövlət tərəfindən daha genişmiqyaslı tədbirlər edilsəydi, cərimələr, sanksiyalar daha çox tətbiq olunsaydı, işəgötürənlərin sayı artar və işsiz qalmış əlilliyi olan şəxslərin işlə təmin olunması prosesi sürətlənərdi. Müəssisədə əlilliyi olan şəxslər üçün kvotada qeyd edilib ki, hər 25 nəfərdən biri əlilliyi olan şəxs olmalıdır. Amma təəssüflər olsun ki, böyük şirkətlərin əksəriyyətində bu belə deyil.

- Əlillərin işlə təmin olunması haqqında gələcək üçün yeni planlar, lahiyələr var?

- Məşğulluqla bağlı dövlət proqramı var. Orada qeyd olunub ki, əlilliyi olan şəxslərin işlə təmin olunmasında müəyyən bir yeniliklər tətbiq olunmalıdır. Bu yeniliklər kompleks şəkildə aparılmalıdır. İlk növbədə təhsildən başlamalıyıq. Bildiyiniz kimi, əlilliyi olan şəxslər ya internant məktəblərində, ya da evdə təhsil alırlar. Bu da onu göstərir ki, təhsil sistemi o qədər də keyfiyyətli deyil. Əlilliyi olan insanlar bizimlə və digər insanlarla birlikdə eyni məktəblərdə, orta və ali təhsil almalıdır ki, ixtisası, diplomu olsun. Savadı, ixtisası olmayan bir şəxs heç bir yerdə işləyə bilməz. Ona görə, bu işlə uşaqlıqdan məşğul olmaq lazımdır ki, şəxs artıq yeniyetməlik dövründən gənclik dövrünə adlayanda əlində peşəsi, ixtisası olsun.