İngiltərədə uşaqlara qarşı cinsi mesajlarla bağlı bildirilən cinayətlərin demək olar ki, yarısının "Snapchat"da baş verdiyi müəyyən edilib.

İndex.az xəbər verir ki, polisin məlumatına görə, 2023-2024-cü illər ərzində ümumilikdə 7062 uşaq cinsi əlaqə hadisəsi qeydə alınıb və bu halların 48%-i "Snapchat"da baş verib.

NSPCC öz bəyanatında "Snapchat"ın uşaqları qorumaqda ciddi çatışmazlıqlara malik olduğunu və platformanın, xüsusən də mesajların yoxa çıxması kimi xüsusiyyətlərinə görə sui-istifadə edənlər üçün çox daha cəlbedici hala gəldiyini bildirir. NSPCC Uşaq Təhlükəsizliyi Siyasəti Meneceri Rani Govender "Snapchat"da bildirilən məzmunun ciddiyə alınmadığını və bunun uşaqlara mənfi təsir etdiyini söylədi.

Böyük Britaniya hökuməti "Snapcha" kimi platformalara qarşı daha sərt tədbirlər görməyi planlaşdırır. Dekabr ayında qüvvəyə minəcək Onlayn Təhlükəsizlik Qanunu ilə texnologiya şirkətlərinin uşaqları qorumaq məsuliyyəti artacaq. Bu qanuna əsasən, platformalardan qeyri-qanuni məzmun riskləri ilə bağlı qiymətləndirmələrini dərc etmələri tələb olunacaq.

BBC-yə verdiyi açıqlamada "Snapchat" nümayəndəsi gəncləri qorumaq üçün məzmuna nəzarəti gücləndirdiklərini və pozuntu hallarında hesabları dayandırdıqlarını bildirib.