Hesablama Palatasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit çərçivəsində müəyyən edilmiş uyğunsuzluqlar aradan qaldırılıb.

İndex.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.

Audit nəticəsində dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının şişirdilməsi hesabına artıq ödənilmiş vəsaitlər müəyyən edilib.

Belə ki, bu hallar üzrə Dövlət Komitəsi üzrə 408 min 395,77 manat, Fond üzrə isə 99 min 338,9 manat, həmçinin yerinə yetirilməyən cari təmir işlərinə görə 26 min 277 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.

Bununla yanaşı, "Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması" üzrə bağlanmış müqavilə çərçivəsində də günlərin və iştirakçı saylarının artıq göstərilməsi nəticəsində 69 min 625,7 manat vəsaitin büdcəyə qaytarılması təmin olunub.

Audit zamanı, həmçinin müddətli əmək müqaviləsi ilə işləyən ştatdankənar işçilərə ödənilmiş əməkhaqqı üzrə işsizlikdən sığorta haqqının düzgün tutulmaması halları aşkarlanıb. Nəticədə 262,12 manat artıq ödəniş və eyni məbləğdə hesablanmamış sığorta xərci müvafiq qaydada bərpa edilib.

Dövlət Komitəsinin satın aldığı 17 min 900 manat dəyərində "İnformasiya ehtiyatının və sisteminin formalaşdırılması" veb-proqram təminatının müqavilədə nəzərdə tutulan informasiya sistemlərinə inteqrasiyası təmin olunub, dəyəri uçota alınıb və illik maliyyə hesabatına düzəliş edilib.

Eyni zamanda, 2023-cü ildə artıq tanınmış 1 milyon 874 min 999,98 manat xərc uçotdan silinib, "Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri" maddəsi üzrə 421 min 969 manat, habelə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda 2022-ci il üzrə 426 min 493,49 manat, 2023-cü il üzrə isə 364 min 119 manatməbləğlərə müvafiq düzəlişlər aparılıb.

Audit çərçivəsində inventarizasiya zamanı aşkar edilmiş artıqgəlmələr üzrə aktivlər uçota alınıb. Bundan başqa, Fond tərəfindən 2022-ci ildə 266 min 940 manat, 2023-cü ildə isə 209 min 804 manat dəyərində xərcə silinmiş maarifləndirmə xarakterli filmlər və sosial videoçarxlar "Sair uzunmüddətli qeyri-maliyyə aktivləri" hesabında uçota alınıb və maliyyə hesabatları yenilənib.

Həmçinin inventarizasiya zamanı 13 min 495,65 manat dəyərində 10 adda ehtiyat üzrə artıqgəlmə uçota alınıb, 50 min 152,5 manat ilkin dəyəri olan 32 adda avadanlıq üzrə qalıq dəyər müəyyən edilib, eləcə də 59 min 877,32 manat dəyərində 42 adda ehtiyatın dövlət büdcəsinə bərpa edilməsi təmin olunub.

Beləliklə, audit nəticəsində müəyyən edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra edilib.