İran və İsrail arasındakı münaqişənin kəskin hal alması qlobal iqtisadiyyata artıq öz təsirini göstərdi.
Belə ki, münaqişənin təsiri ilə qızıl qiymətləri bahalaşarkən, neft, kriptovalyuta və bir sıra birjaların qiymətləri ucuzlaşıb.
Bəs qonşuluğumuzda baş verən bu münaqişə ölkəmizə necə təsir göstərəcək?
İndex.az məsələ ilə bağlı deputat Rüfət Quliyev ilə əlaqə saxladı.
İndex.az-a danışan deputat bildirdi ki, Azərbaycan bu münaqişə ilə bağlı rəsmi qaydada müraciətini göndərib:
"Azərbaycan göndərdiyi müraciət ilə, münaqişənin dayandırılmasını və məsələnin diplomatik yol ilə həll olunmasını istəyib. Çünki bu münaqişənin birbaşa təsir göstərəcəyi ölkələrdən biri də Azərbaycandır. Hər şeydən öncə nəzərə almalıyıq ki, İran bizimlə qonşu ölkədir və düzgün yönləndirilməmiş raket bizim ərazilərimizi hədəf ala bilər".
Rüfət Quliyev məsələnin iqtisadi tərəfinə də toxundu:
"Adətən müharibənin getdiyi ölkələrin və onların qonşuluğunda olan ölkələrin iqtisadiyyatlarında müəyyən problemlər yaranır. Təbii ki, bu münaqişə də, ölkəmizə iqtisadi cəhətdən təsirsiz ötüşməyəcək. Məhz buna görə, məsələnin hüquqi normalar çərçivəsində diplomatik yolla həll olunması bizim üçün ən yaxşı seçim olardı".
