Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova mənzil hədiyyə edib.

Qazilərin və şəhid ailələrinin ev növbəsində olduğu bir vaxtda Corc Qafarova mənzilin verilməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Corc Qafarovla əlaqə saxladıq.

Qafarov İndex.az-a bildirdi ki, ev ona həqiqətən də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən hədiyyə olunub:

“Mən uşaq evində böyümüşəm. Uşaq evində olduğum müddətdə heç bir yaxın qohumumla əlaqəm olmayıb və övladlığa götürülməmişəm. Mənim kimi 3000-ə yaxın insan var. Hər biri də dövlət himayəsində olduğu üçün evlə təmin olunur”.

“Sizcə bu etirazların yaranmasının səbəbi Roza Zərgərlinin himayəsində olmağınızdırmı?” sualıma Qafarov belə cavab verdi:

“Bəli. Hətta Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidə bu mövzunu uzun-uzadı araşdırdı. Lakin məsələ orasındadır ki, Roza Zərgərli məni rəsmi şəkildə övladlığa götürməyib. Sadəcə himayəsində olmuşam və adıma ev, mülk yoxdur. Nazirlik də hər hansısa mirasın qalıb-qalmaması barəsində ətraflı araşdırma apardı”.

Bəs Corc Qafarovun həqiqətən də evə ehtiyacı varmı? Bu salımızı Qafarov belə cavablandırdı:

“Evə ehtiyacım var. Hətta ev üçün özüm müraciət etmişəm. Mən 10 yaşımdan özümə normal bir həyat qurmağ üçün çalışıram. Amma Azərbaycanda aktyorluq maaşı ilə ev almaq mümkün deyil. Buna görə də dövlətimizə bu barədə köməklik göstərmələri üçün müraciət etdim”.