"Canadian Communications Security Establishment" (CSE) tərəfindən dərc edilən təəccüblü hesabat, ölkənin son 5 ildə dövlət tərəfindən dəstəklənən kiberhücumların hədəfi olduğunu ortaya qoydu.
İndex.az xəbər verir ki, yayımlanan hesabatda Çinin kiber əməliyyatlarının digər hücumlardan fərqləndirildiyi, ən azı 20 federal qurumun sistemlərinə sızdığı müəyyən edilib.
İki ildən bir nəşr olunan "Milli Kiber Təhlükə Qiymətləndirməsi"ndə Çinin kiberhücumlarının arxasında yüksək səviyyəli siyasi və ticari hədəflərin olduğu və bu əməliyyatların casusluq, əqli mülkiyyət oğurluğu və transmilli təzyiq üçün istifadə edildiyi bildirilib.

Yayımlanan hesabatda diqqət çəkən yeganə məqam Çin deyil. Rusiya və İran kimi ənənəvi kibertəhlükələrlə yanaşı, Hindistan da ilk dəfə olaraq “təhdid” kimi müəyyən edilib. İki ölkə arasında yaşanan diplomatik gərginliyin kiberhücumlarda əks olunduğu bildirilərkən, xüsusilə Sikh fəalı Hardeep Singh Nijjarın öldürülməsindən sonra Kanada ordusu və parlamentinin hind haktivistlərinin hədəfinə çevrildiyi vurğulanıb.
Hesabatda Çin hakerlərinin Kanada şirkətləri və qurumlarından kommersiya baxımından həssas məlumatları oğurladığına dair güclü sübutlar var. CSE-yə görə, bu fəaliyyətlər xüsusilə iki ölkə arasında ikitərəfli gərginlik dövrlərində artır. Ekspertlər Çinin Kanadanın rəsmi reaksiyalarını və hadisələri yaxından izləmək üçün bu üsuldan istifadə etdiyini qiymətləndirirlər.
Kanada rəsmiləri aşkar edilmiş bütün sızmaların aradan qaldırıldığını elan edərkən, təcavüzkarların hədəf şəbəkələri öyrənmək üçün əhəmiyyətli vaxt və resurslar sərf etdiklərinə diqqət çəkdilər. CSE, Çin və Kanadanın müttəfiqləri arasında iqtisadi gərginlik artdıqca qarşıdakı dövrdə casusluq fəaliyyətinin güclənəcəyini proqnozlaşdırır.
