Dünyanın ən böyük avtomobil batareyaları istehsalçısı olan "CATL" bəzi Çin istehsalçılarına batareyaları əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə satacaq.
İndex.az xəbər verir ki, 2023-cü ilin üçüncü rübündə "CATL" uzunmüddətli loyallıq müqabilində Çinli elektrik avtomobil istehsalçılarına ucuz batareyalar təklif etməyə başlayacaq.
Belə ki, dünyanın ən böyük elektrikli avtomobil batareyaları istehsalçısı olan "CATL", uzunmüddətli müqavilələr imzalayaraq Çin markalarından sabit sifariş hovuzu yaratmağı hədəfləyir. Bu, tədarükçü tərəfdə sabit qiymət öhdəliyi və alıcı tərəfdə müəyyən məbləğdə alış öhdəliyi götürməklə həyata keçiriləcək.
Çin mediasının məlumatına görə, "CATL" növbəti üç il ərzində bir tonu 29,129 dollar olan litium karbonatın qiyməti əsasında akkumulyator qiymətlərini təyin edəcək. Qeyd edək ki, hazırda akkumulyator tipli litium karbonatın bir tonu 68 453 dollara satılır. Şübhəsiz ki, bu üstünlük avtomobil şirkətlərinə xərc təzyiqlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Bu endirim müqabilində "CATL", "NIO", "Li Auto", "Huawei" və "Zeekr" kimi Çin avtomobil istehsalçılarının batareya tələbatının 80%-ə qədərini ödəməyi öhdəsinə götürəcək.
Qeyd edək ki, "Tesla" Şanxay fabriki üçün "CATL"dan batareya alsa da, "Tesla" və "XPeng" “strateji müştəri” qrupuna daxil deyil və buna görə də, bu endirimdən istifadə edə bilməyəcəklər.
