Bu ilin yanvar-sentyabr aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,1 milyon ABŞ dollar vəsait xərcləyiblər.

İndex.az xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin bu ilin üçüncü rübünün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 37,5 % çoxdur.

İlk 9 ayda bu layihələrə hazırda davam edən 22 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə və ətraf mühit üzrə 1təşəbbüs daxil idi.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübü ərzində təxminən 1,3 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 30 % çoxdur.

Bunlara hazırda davam edən 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1layihə, ölkədə idmanı təbliğ edən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.