"Binance" birjasının stabil pulu olaraq qəbul edilən "BUSD" son zamanlar aktivliyini artıran "ABŞ Qiymətli Kağızlar Komissiyası"nın diqqətini cəlb edib.

İndex.az xəbər verir ki, son zamanlar kriptovalyuta bazarına təzyiqini artıran "ABŞ Qiymətli Kağızlar Komissiyası" "Kraken" birjasında apardığı araşdırmalardan sonra "Binance" birjasına da müdaxilə edib.

Məlum olduğu kimi, "Binance" və "Paxos" şirkətləri birlikdə "BUSD" kriptovalyutası istehsal edirdilər. Bazarda cəmi 16,1 milyard dollarlıq "BUSD" olduğu halda, bunun 14,4 milyardı "Binance" birjasının əlində cəmləşib.

Buna görə də, Komissiya "Paxos"a xəbərdarlıq göndərərək, "BUSD" pullarının qeydiyyatdan keçməmiş qiymətli kağız kimi qiymətləndirilməsini və istehsal tərəfinin təsdiqlənməsini istəyib.

"Paxos" belə bir tələbin səhv olduğunu bildirsə də, bazarlarda panika başlayıb. Son 24 saat ərzində "Binance" birjasından 788 milyon dollar xalis çıxış edilib. "BUSD"un balansı da pozulub.

"Binance" isə verdiyi açıqlamada aktivlərin heç bir çatışmazlığının olmadığını və onların təhlükəsiz olduğunu bildirib.