Ölkədə skoliozla bağlı durum günü-gündən daha da qorxunc vəziyyət alır. Bunu İndex.az-a vertebroloq Dr. Röya Musayevə də təsdiqləmişdi.

Skoliozun bu qədər çox yayılmasının səbəbləri arasında məktəblilərin ağır çanta daşıması da var. Dr. Röya Musayeva təklif edir ki, bu məsələni xarici təcrübəyə üz tuturaq həll etmək olar. Məsələn, Almaniyanın bəzi təhsil ocaqlarında məktəbliləri, sözün əsl mənasında, ağır yükdən qurtarmaq üçün onlara iki ədəd kitab paylanılır. Belə ki, bir kitab məktəbdə, digər kitab isə evdə qalır. Beləcə məktəbli böyük və ağır bir yükdən qurtulur, qəddi əyilmir, onurğa əyriliyini yox, təhsilini düşünür.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Aqiyə Naxçıvanlı isə İndex.az-a açıqlamasında bunları dedi:

"Məktəblərdə paylanan kitablara nəzər salsanız görərsiniz ki, o kitabların vərəqləri cırıq-cırıq, yazılmış vəziyyətdədir. Amma məncə valideyin özü bu kitabları ala, birini məktəbdə digərini evdə saxlaya bilər. Məktəb kitab verə bilsəydi, o zaman uşaqlara cırıq kitabları paylamazdı, yenisini verərdi".

Millət vəkilinin fikrincə, məktəblilərin onurğa ilə bağlı probleminin başqa səbəbi də var: "Mənə elə gəlir ki, uşaqların onurğasının əyilməsində yeganə problem ağır çantalar deyil. İstənilən məktəb önündə müşahidə aparın və görəcəksiniz ki, uşaqların 90%-i valideyni ilə gəlib-gedir. Yəni çantaları məktəbin qapısınadək valideyn daşıyır. Dediyim kimi, problem yalnız ağır çantalarla bağlı deyil. Ən başlıca problem odur ki, məktəblərdəki partalar uşaqlara uyğun deyil. Elə partlar var ki, uşaqların ayağı heç yerə çatmır. Elələri də var ki, uşaqlar həmin partalara sığmır.

Məktəblər uşaqların yaşına uyğun şəkildə partalarla təmin olunmalıdır. Məncə ağır məktəbli çantları ibtidai siniflərdə oxuyanlardan daha çox 7-8-ci siniflərdə oxuyanlara ziyan vurur. Çünki onlar məktəbə valideynsiz gəlir. Kitablarının ağır olması ilə yanaşı, bu siniflərdə oxuyan uşaqlar çantaları çiyinlərinə birtərəfli taxırlar. Bilirsiniz ki, həmin yaş dövrü uşaqların boyunun sürətlə artdığı bir dövrdür. Bu da öz mənfi təsirini göstərir. Qayıdıram sizin qaldırdığınız məsələyə... İbtidai sinifdə oxuyanların valideynləri hər kitabdan iki nüsxə ala bilər. Çünki ibtidai siniflərin öz otaqları olur və həmin otaqlardan başqa siniflər isitifadə etmir. Məsələn, mən nəvələrim üçün ayrıca kitablar almışam".

Təhsil üzrə ekspert Kamran Əsədov da İndex.az-a açıqlamasında bildirdi ki, onurğada əyriliyin yaranmasında ağır məktəbli çantaları ilə yanaşı, partaların da rolu böyükdür:

"Əgər siz monitorinq aparsanız görərsiniz ki, məktəblərdə ibtidai siniflərlə yuxarı siniflərin partaları, demək olar ki, eynidir. Partada oturan zaman şagirdin ayağı yerə dəyməlidir. Lakin ibdidai siniflərin ayağı yerdən üzülür. Partaların masa hissəsi əyri olmalıdır, amma bizdə düzdür. Bunların hamısı sinənin qabarıb əyilməsinə gətirib çıxarır. Bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verir. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, çantanı daşımaq müşkilə çevrilir. Ona görə, məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir.

Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib. Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.

Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. 2018-ci ildə məktəbli çantalarını yüngülləşdirmək üçün kitabların iki-iki paylanması ilə bağlı təklif irəli sürdüm. Hətta Cənubi Koreya və Sinqapurda da bu model var. Lakin bizim məktəblər növbəli sistemdədir. Yəni səhər və günorta növbələri var. Bir sinif gedəndə yerinə digər sinif gəlir. Sinif sayları da bu baxımdan yetərli deyil. Kitabların iki-iki paylanması doğru yoldur, lakin hazırki durumda bu qeyri-mümkündür. Ən azından digər məsələlərə diqqət ayırsaq, çantaları bir qədər yüngülləşdirmək olar".

Mirəli Qasımov