Ölkəmizdə təqaüdçülər öz təqaüdlərini ancaq iki bank (Azərbaycan Beynəlxalq Bankı (ABB, "Kapital Bank") vasitəsilə alırlar. Bu isə digər bankların bu sahədəki rəqabətə qoşula bilməməsinə səbəb olur, üstəlik, pensiyaçıların seçimini məhdudlaşdırır. Digər tərəfdən, ölkənin təqaüd yükünün iki bankın öhdəliyində adıçəkilən banklara əlavə dividendlər qazandırsa da, həmin bankların aşırı yüklənməsinə, daha sürətlə inkişaf etməsinə maneə yaradır. Qonşu Gürcüstanda vətəndaşlar təqaüdə çıxarkən hansı bankdan təqaüd alacaqlarını özləri seçir. Eyni mənzərəyə Türkiyədə də rast gəlmək olar. Azərbaycanda da eyni yanaşmanı tətbiq etmək olarmı?

İndex.az məsələ ilə bağlı ekspert Natiq Cəfərli ilə əlaqə saxladı.

Ekspert bildirdi ki, təqaüdçü öz bankını özü təyin etməlidir:

"Hətta vətəndaş təqaüd aldığı bankı dəyişə də bilər. Qanunvericilikdə bununla bağlı hər hansı maneə yoxdur. Sadəcə bu proses bizdə artıq bu cür formalaşıb. Qonşu ölkələrimizin, yəni Gürcüstanın, Türkiyənin bankları təqaüdçüləri cəlb etmək üçün müxtəlif reklam çarxları çəkir və onlar üçün xüsusi güzəştlər təklif edirlər. Azərbaycanda qanunla təqaüdçünün təqaüdünü başqa banka daşımasına və ya təqaüdünü başqa bankdan almaq istəməsinə heç bir qadağa yoxdur. Sadəcə artıq insanlar belə uyğunlaşıb. Yəni bu praktikadan doğan bir məsələdir, qanunvericilikdə heç bir maneə yoxdur. Bu isə banklar arasında rəqabətsizlik mühiti yaradır. Əgər vətəndaşlar digər banklara üz tutsalar, banklar arasında bu sahədə rəqabət bərpa olunar. Rəqabət isə inkişafa təkan verən mühüm amillərdən biridir".

Ekspert əlavə etdi ki, bir qrup təqaüdçü məhkəməyə üz tutsa, presedent yarada bilər: “Bundan sonra qaydaların dəyişməsinə nail olmaq olar”.

Hüquqşünas Əkrəm Həsənov isə İndex.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda bu qaydanın olması özü qanun pozuntusudur:

"Ümumiyyətlə kart bank hesabından istifadə alətidir. Bank vətəndaşa hansısa kart verirsə, vətəndaş həmin bankın müştərisi olmalıdır və bankla müqavilə bağlamalıdır. Fərqi yoxdur maaş kartıdır, yoxsa təqaüd. Bu, Mülki Məcəllənin “Bank hesabı” fəslində də qeyd oluunub. Lakin təəssüf ki, işəgötürənlər bu qaydanı pozur. Özləri gedib bankdan əməkhaqqı kartı alırlar. Banklar isə problemsiz həmin kartları işəgötürənlərə verir. Təqaüd məsələsində də eyni halla üzləşirik. Sondə belə mənzərə ortaya çıxır ki, istər maaş kartı alarkən, istərsə də təqaüd kartı alan zaman vətəndaşın bankla heç bir əlaqəsi olmur. Ya işəgötürən alıb o kartı verir vətəndaşa, ya da dövlət. Vətəndaş istədiyi zaman banka müraciət edərək kartını ləğv etdirə bilər. Əgər əməkhaqqı kartıdırsa iş yerinə, təqaüd kartıdırsa Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ödənişin başqa banka köcürülməsini tələb edə bilər. Qarşılığında tələbi qəbul edilməzsə, məhkəməyə müraciət etmək haqqı var".