Rənglər içlərində ayrı-ayrı mənalar daşıyır. Buna görə, şirkətlər, o cümlədən banklar loqo seçərkən istifadə etdiyi rənglərə xüsusi önəm verir. Çünki bu rənglər şirkətin məqsədindən xəbər verir.

İndex.az-ın araşdırmasına görə, yerli banklardan 12-si loqosunda göy və mavi rənglərə üstünlük verib.

Əksər bankların loqolarında göy və mavi çalardan istifadə etməsinin səbəbi bu rəngin sülh və etibarı simvolizə etməsidir. Bununla belə, göy və mavi tonlu loqoların hazırlanması marketinq nöqteyi-nəzərindən uğurlu sayılmır. Bu rənglərin etibarlılığı təcəssüm etməsinə baxmayaraq, öz-özlüyündə maraqlı sayılmır. Peşəkarlar məsləhət görür ki, mavi və göy başqa bir rənglə müşayiət olunsun. Bu rənglər yaddaqalandır, üstəlik müsbət cəhətləri çoxluq təşkil edir, lakin mənfi təəssürat da yarada bilər. Məsələn, göy rəng həm də soyuqluğu təmsil edir. Buna görə göy rəngdən istifadə edərkən müsbət yan rənglər də daxil edilməlidir.

Qırmızı rəng gücü, aqressivliyi, stimulu və aktuallığı simvolizə edir. Bununla yanaşı, qırmızı həm də yorğunluq və gərginlik kimi mənfi təsirlər yarada bilər.

Sarı və ona bənzər çalarlar sevinc və və dinamiklik mesajını verir. Marketinq kitablarında sarı "hamı üçün" hissinin daşıyıcısı kimi keçir.

Bənövşəyi rəng kreativliyi, mənəviyyatı və fərdiliyi tərənnüm edir.

Yaşıl rəng arzunu, istəyi təmsil edir.

 

Müəllif: Mirəli Qasımov