Bakıda yaşıllıq sahələrinin həcmi 920 hektardır.
İndex.az xəbər verir ki, bu Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bunu şərh edən ekspert Rövşən Ağayev bildirir ki, qeyd olunan göstərici ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir:

“Ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil. Müqayisə üçün bildirək ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir.
Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur. Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir. Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib. Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqrafik və nəqliyyat böhranına səbəb olub”.
