Xəbər verdiyimiz kimi Baş nazir Əli Əsədovun sərəncamı ilə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, şiddətli töhmət verilib.
İndex.az məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladı.
İndex.az-a danışan ekspert bildirdi ki, "Azərenerji" ASC-nin bu hərəkəti özbaşınalıqdır:
"Baş verən hadisə onu göstərir ki, "Azərenerji" ASC-i Nazirlər Kabinetinin bölgülər ilə bağlı hüquqi aktları və normativləri pozub. Bu isə özbaşınalıqdır. Azərbaycan təbii qaza qənaət etməyə çalışır. Elektrik enerjisi bərpa oluna bilən bir enerjidir. Təbii qaz isə tükənən sərvətdir. Həddindən artıq təbii qaz istifadə edərək elektrik enerjisi əldə etmək yolverilməzdir. Nəzərə alaq ki, Azərbaycan təbii qaza qənaət edərək Türkiyə, Gürcüstan və Avropa qarşısında öhdəlikləri yerinə yetirməyə çalışır".
Natiq Cəfərli bildirdi ki, bu məsələdə İnvestisiya Holdinqinin də məsuliyyət payı var. Çünki "Azərenerji" ASC İnvestisiya Holdinqinin tabeliyindədir. İnvestisiya Holdinqi "Azərenerji" ASC kimi dövlət şirkətlərinin idarə olunmasına, hüquqi normativ aktları yerinə yetirməsinə nəzarət etməlidir".
İqtisadçı ekspert Rövşən Ağayev də mövzu ilə bağlı İndex.az-a danışıb.
Onun sözlərinə görə, məsələnin bu həddə çatmasının iki səbəbi var: özbaşınalıq və dövlət şirkətlərinin idarə edilməsində nəzarətin qəti surətdə olmaması:
"Bu proseslərin aparılmasında nəzarət sistemi düzgün qurulsa, belə problemlər ortaya çıxmaz. Çünki bu məsələlərdə qərar təkcə şirkət rəhbəri tərəfindən verilə bilməz. Konkret olaraq bir sistem olmalı, həmçinin, məhsulların satışına, dövlətlərarası sazişlərin icrasına nəzarət edilməlidir. Bu tip şirkətlər formal da olsa korporativ idarəetməyə keçiblər. Belə olduqda, şirkətdə bu məsələlərə nəzarət etmək üçün Direktorlar Şurası olur ki, onların da hansı səviyyədə nəzarət etdiyi ortadadır. Bununla yanaşı, “Azərenerji” İnvestisiya Holdinqinin tabeliyindədir. Belə çıxır ki, İnvestisiya Holdinqi də şirkətə nəzarət etməyib".
