“Lənkəranda 20-ə yaxın sahibkar, istehsalçı, sahibkar çirkab suların çıxarılması ilə bağlı yaranan problemə görə mənə müraciət ediblər. Mən onların müraciət məktubunu hazırlayıram və deputat sorğusu kimi müvafiq qurumlara göndərəcəm. KOBİA rəhbəri Orxan Məmmədovdan xahiş etdim ki, kömək etsin. Dövlətin heç bir qanunu, təlimatı pozulmur. Sadəcə sahibkarlar xahiş edirlər ki, onların fəaliyyətinə maneəçilik törənməsin, problem yaranmasın“.
Bunu İndex.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib.
Millət vəkili yenə də “Azərsu” ASC-dən şikayətlənib:
“Sizə belə bir faktı deyəcəm. 4 ay bundan öncə Mərdəkandan bir insan müraciət elədi ki, mən su maşını ilə su gətirirəm, amma evimdən təxminən 300-400 metr uzaqlıqda ana su borusu var. Vətəndaş xahiş edir ki, xərcini çəkməyə hazıram, qapıma su çəkin. Yəni dövlətdən heç bir maliyyə dəstəyi istəmirəm. Mən də zəng etdim “Azərsu” ASC-yə və şikayəti bildirdim. Başqa 1-2 deputat da müraciət elədi. Dəfələrlə deyirik ki, bu insan Mərdəkanda yaşayır, istəyir ki, suyu olsun, pulunu da verir. Niyə bu məsələni uzadırsız? Nədir məqsəd? Niyə insanları incidirsiz?
Bu cür faktlar onlarladır. Bununla yanaşı, onu qeyd etmək istəyirəm ki, bəzi regionlarda su idarələri yaxşı işləyir. Məsələn, “Azərsu” ASC-nin Lənkərandakı regional idarəsi çox gözəl işləyir. Mütəmadi olaraq bir çox məsələləri, regionun problemlərini birgə həll edirik. Amma elə məsələlər var ki, region səviyyəsində deyil. Qəribədir, regional struktur çox normal formada işləyir, insanları qəbul edir, imkan daxilində kömək edir, amma “Azərsu” ASC-nin baş idarəsi necə var idisə, elə də qalıb. Bunlara deməkdən yoruldum ki, a bala, insanların tələbinə, müraciətinə baxın! Eləmirsiz! Hər dəfə də deyirsiz ki, layihə yoxdur, layihə üçün pul lazımdır. Bu nə biclikdir, nə fırıldaqçılıqdır, başa düşmürəm!
“Azəriqaz”, “Azərişıq” çox gözəl işləyir, insanlarla da dil tapırlar, onların tələblərinə də qulaq asırlar. “Açıq mikrofon” aksiyaları keçirilir.
Ona görə də bu fürsətdən istifadə edib müraciət edirəm: “Azərsu” və onun kimi təşkilatlar, insanlarla normal formada münasibət saxlamaq lazımdır, insanların xahişlərinə qarşı diqqətli olmaq lazımdır. Bu, mənim müraciətim deyil, bu cənab Prezidentin əmridir”.
