"Azərişıq" ASC Kəlbəcər rayonunun elektrik şəbəkəsini yenidən qurur.
İndex.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.
Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və "İstisu" mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.
Şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
Qeyd edək ki, "Azərişıq" ASC tərəfindən ölkənin digər regionlarındakı bir sıra kənd və qəsəbələrdə istismar müddətini başa vurmuş elektrik təsərrüfatı yenidən qurulur. Məqsəd vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
