“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ailəsinə ağır itki üz verib.

İndex.az ASCO-ya istinadən xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının istifadəsində olan “Kopyor–315” gəmisinin kapitanı Mahir İsa oğlu Osmanov vəfat edib.

Mahir Osmanov 30 may 1961-ci ildə Qəbələ rayonunun Mıxlıqovax kəndində dünyaya göz açıb. 1969–1978-ci illərdə Mıxlıqovax kənd orta məktəbində təhsil alıb. 1978–1981-ci illərdə Bakı Dəniz Yolları Məktəbində “Gəmi sürücülüyü” ixtisası üzrə təhsilini davam etdirib.

1981-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi əmək fəaliyyətinə başlayıb və kapitan vəzifəsinədək yüksəlib. 2009-cu ildən etibarən məhz bu vəzifədə fəaliyyət göstərib.

İş başında intizamlı və tələbkar olsa da, mülayim, mehriban və təmkinli bir insan kimi Mahir Osmanov kollektivin səmimi rəğbətini və hörmətini qazanmışdı. Əminik ki, təcrübəli kapitanın əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq və ehtiramla yad olunacaqdır.

ASCO-nun rəhbərliyi və kollektivi kapitan Mahir Osmanovun vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!