Ölkəmizdə bir neçə gün əvvəl unun qiymətinin bahalaşması əhalidə narazılğa səbəb oldu.

Xəbər verdiyimiz kimi Azərbaycanın iri un və çörək istehsalçılarının dünyada baş verən prosesləri səbəb göstərərək yaydığı birgə məlumatda bildiriblər ki, 50 kiloqramlıq bir kisə unun qiyməti 36 manat 60 qəikdən 40 manat 70 qəpiyə qədər yükəlib.

Bəs Azərbaycan buğdanı xaricdən neçəyə alır?

2022-ci ilin yanvar-iyul aylar ərzində xaricdən Azərbaycana 429 806,11 ton buğda idxal edilib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizin xaricdən idxal etdiyi buğdanın dəyəri 154 milyon 660,17 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 5,13%, dəyər baxımından isə 49,04% çoxdur.

Azərbaycanın buğda idxalı 2022-ci ilin ilk 7 ayının idxalına nisbətən 1,65%, təşkil edib.

Bununla da bu ilin 7 ayında buğdanın 1 tonunun orta alış qiyməti 350 dollar, 1 kiloqramı isə ortalama 0,35 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrdən aldığı bir kiloqram buğdanın orta alış qiyməti 59 qəpik təşkil edib (50 kiloqram – 29 manat 75 qəpik).

Qeyd edək ki, ötən ilin ilk 7 ayında Azərbaycana idxal olunan buğdanın 1 tonu 250 dollara başa gəlirdi.

Mirəli Qasımov - İndex.az