“Avstraliya Mərkəzi Bankı”nın (AMB) uçot dərəcələrini rekord səviyyəyə qaldırmasına baxmayaraq, ölkədə yaradılan iş yerlərinin sayı artıb və işsizlik səviyyəsi aşağı düşüb.
İndex.az xəbər verir ki, “Avstraliya Statistika Bürosu”nun verdiyi açıqlamaya görə, fevral ayında ölkədə 64 min 600 yeni iş yeri açılıb.
Bazar gözləntisi isə, 48.500 yeni iş yerinin açılacağı idi.
Tam ştatlı işçilər üçün 74,9 min yeni iş yeri açıldığı halda, yarımştat işçilər üçün olan iş yerlərinin 10,300-ü bağlanılıb.
Beləliklə Avstraliyada işsizlik nisbəti 3,7%-dən 3,5%-ə düşüb.
AMB, aprelin 4-də keçiriləcək növbəti iclasında dərəcələri yenidən artırıb-artırmaması ilə bağlı işçi qüvvəsi məlumatlarını yaxından izləyəcək.
Qeyd edək ki, AMB son 10 iclasda uçot dərəcəsini 350 baza bəndi yüksəldib.
