Qanun bu il qəbul olunarsa, gələn ildən etibarən Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağası tətbiq olunacaq.

İndex.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese sosial medianın uşaqlara zərər verdiyini deyib və hökumətin 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etmək üçün hərəkətə keçdiyini açıqlayıb.

Hazırladıqları paketin bütün dünya üçün qabaqcıl olacağını bildirən Albanese, uşaqlara qarşı sosial media qadağasının gələn ilin sonuna doğru qüvvəyə minə biləcəyi məlumatını paylaşıb. Təklif olunan qanun bu il Avstraliya parlamentində müzakirə ediləcək və təsdiqlənərsə, valideyn razılığı kimi istisnalar olmadan 16 yaşından kiçiklər üçün sosial mediadan istifadə qadağan ediləcək.

"Reuters"in məlumatına görə, "Instagram", X, "Facebook", "TikTok" və hətta "YouTube" kimi sosial media platformaları Avstraliyada uşaqların girişini əngəlləmək məsuliyyətini öz üzərinə götürməli olacaq.