Avropa İttifaqı İlon Maskın "Starlink"ə rəqib olan peyk şəbəkəsinin inkişafı üçün 10,6 milyard avroluq müqavilə imzalayıb.

İndex.az xəbər verir ki, IRIS² adlı layihə aşağı və orta Yer orbitində yerləşdiriləcək 280-dən çox peykdən ibarət olacaq.

Layihə "Galileo" naviqasiya sistemindən və iqlim dəyişikliyini izləyən Kopernik Yerin müşahidə şəbəkəsindən sonra Avropa İttifaqının kosmosda üçüncü böyük təşəbbüsü olacaq.

10,6 milyard avroluq layihənin 6 milyard avrosu Aİ-dən, 550 milyon avronu ESA (Avropa Kosmik Agentliyi) və 4 milyard avronu isə özəl sektor maliyyələşdirəcək. Layihə üç peyk operatorundan ibarət konsorsium tərəfindən hazırlanacaq: Eutelsat, Hispasar və SES. İlk buraxılışın 2029-cu ildə baş tutması planlaşdırılır.

Yüksək sürətli internet təmin etməklə yanaşı, IRIS² kosmosa əsaslanan rabitədə Avropanın strateji muxtariyyətini artırmaq və Starlink kimi aşağı orbitdə fəaliyyət göstərən şirkətlərlə rəqabət aparmaq məqsədi daşıyır.

Avropanın peyk istehsalçıları SpaceX tərəfindən hazırlanmış və orbitdəki peyklərin təxminən üçdə ikisini təşkil edən Starlink-in öhdəsindən gəlmək üçün mübarizə aparırlar. Onlar həmçinin iri kommersiya peyklərinə tələbatın azalması ilə üzləşirlər. Buna görə də IRIS² layihəsi böyük əhəmiyyət kəsb edir.