ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən ilin oktyabr-dekabr dövrü üçün "ABŞ Maliyyə Hesabları" hesabatını dərc edib.
İndex.az xəbər verir ki, ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 2% artaraq 147,7 trilyon dollara çatıb.
Ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 2% artan ev təsərrüfatlarının sərvəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 151,9 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 146,1 trilyon dollara, üçüncü rübdə isə 144,8 trilyon dollara qədər azalıb.
Ötən ilin son rübündə səhmlərin dəyəri 2,7 trilyon dollar artıb. Daşınmaz əmlakın dəyəri isə 100 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı ötən ilin dördüncü rübündə 6,2%-dən 2,3%-ə düşüb.
Sözügedən dövrdə istehlak kreditləri 7%, ipoteka (mənzil krediti) borcu isə 4,4% artıb.
