Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Azərbaycan xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələrini və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib.

"Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslı sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, rifahın yüksəldilməsinə yeni imkanlar açır. Ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə cənab Prezident İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk", - deyə nazir əlavə edib.