ABŞ Çin sosial media platforması “TikTok”un sahibi “ByteDance”dən öz səhmlərini satmağı tələb edib.
İndex.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, tələb “Xəzinədarlıq Departamenti”nə bağlı “Xarici İnvestisiyalar Komitəsi” (CFIUS) tərəfindən edilib
Məlumatda bildirilir ki, “TikTok” tətbiqinin sahibi olan “ByteDance”ın səhmlərinin 60%-i qlobal investorlara, 20%-i şirkət işçilərinə, qalan 20%-i isə təsisçilərinə addir..
“Xarici İnvestisiyalar Komitəsi”nin tələbinə görə, “ByteDance” öz səhmlərini satmasa, “TikTok” tətbiqinin ABŞ-da istifadəsinə qadağa qoyula bilər.
“TikTok” sözçüsü Brouk Ubeveterin verdiyi açıqlamada bildirib ki, əgər məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, səhmlərin satılması problemi həll etməyəcək:
“Tətbiqin sahibinin dəyişdirilməsi məlumat axınına və ya girişə yeni məhdudiyyətlər qoymur. Milli təhlükəsizlik problemlərini həll etməyin ən yaxşı yolu, Amerika istifadəçi məlumatlarının və sistemlərinin şəffaf, ABŞ mərkəzli mühafizəsi, güclü üçüncü tərəfin monitorinqi, nəzərdən keçirilməsi və yoxlanılmasıdır ki, biz də bunu həyata keçiririk".
