Vətəndaşlarımız Türkiyədə ev alışını 18%-dən çox azaldıb

Bu ilin yanvat-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 169 mənzil alıblar, bunun da 57-i martda olub.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38 mənzil (18,3%) və ya 12 mənzil (17,4%) azdır.

Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin ilk rübündə Türkiyədə xarici vətəndaşlara 5 729 mənzil (il ərzində 5 296 ədəd və ya 48,03 % azalıb) satılıb. Təkcə mart ayında ölkədə 1 791 xarici vətəndaş (1 650 ədəd və ya 1,9 dəfə az) mənzil sahibi olub.

Martda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 411 mənzil (764 mənzil və ya 2,86 dəfə az) satılıb. Bu ilin ilk rübündə isə rusiyalılar bu ölkədə 1 361 mənzil ( 2 544 ədəd və ya 2,9 dəfə az) alıblar.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara rüb ərzində bu ölkədə 590 mənzil satılıb, onların 182-i mart ayında. Bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 854 ədəd və ya 2,44 dəfə azdır, 2023-cü ilin mart ayına nisbətən isə 290 mənzil və ya 2,6 dəfə azdır.

İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 129 mənzilə (31 mənzil və ya 19,4% az) sahib olub, yanvar-mart aylaında isə 361 mənzil (98 ədəd və ya 21,3% az) alıblar.

Qeyd edək ki, bu ildən başlayaraq Əlcəzair və Özbəkistan vətəndaşları da Türkiyənin mənzil bazarına daxil olublar. Belə ki, Əlcəzair vətəndaşları birinci rübdə 64 mənzil alıblar, bunun da 24-ü martda olub. Özbəkistan vətəndaşları isə Türkiyədə martda 21 mənzil, yanvar-mart aylarında isə 73 mənzil alıblar.