TƏBİB: Təyyarə qəzasında xəsarət alan şəxslərdən ikisinin vəziyyəti stabil kritik ağırdır

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.

İndex.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ötən ilin dekabr ayının 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.

Məlumata görə, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həmin şəxsin üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunub. Pasiyentin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.

Bundan başqa, travmatik koma vəziyyətində daxil olan digər iki pasiyentin kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.