Xarici avtomobillərin törətdikləri yol qəzaları üzrə sığorta ödənişləri 40% artıb

Bu ilin yanvar-iyun aylarında “Yaşıl Kart” Sistemi çərçivəsində Azərbaycan daxilində 29 hadisə üzrə 59 min manat sığorta ödənişi həyata keçirilib.

İndex.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38,1 % və 40,5 % çoxdur.

“Beləliklə müqayisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol-nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40 % artım müşahidə edilir”, – İSB qeyd edir.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” Sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.