“Turist sayının artırılması həm də quru sərhədlərinin açılmasından asılıdır”

“Turizmin inkişafı baxımından quru sərhədlərinin açılması çox vacibdir”.

İndex.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, statistika göstərir ki, əvvəlki illə müqayisədə 2022-ci ilin ötən aylarında Azərbaycana gələn turistlərin sayı artsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə turistlərin sayında azalmalar var:

“Turist sayının artırılması həm də quru sərhədlərinin açılmasından asılıdır. Azərbaycana turistlərin 70 faizdən çoxu quru sərhədlərimizin olduğu ölkələrdən gəlir. Quru sərhədləri yalnız turizmin inkişafı deyil, həm də vətəndaşlarımızın daha asan, iqtisadi baxımdan ucuz xaricə getməsini təmin edir. Quru sərhədlərinin açılması həm iqtisadi, həm də turizm baxımından vacib olmaqla yanaşı, burada epidemoloji vəziyyət nəzərə alınmalıdır. Belə ki, yalnız Azərbaycanda deyil, qonşu ölkələrdəki vəziyyətin, dinamikanın nəzərə alınması və buna uyğun qərarın verilməsi çox vacibdir”.

Deputat qeyd edib ki, quru sərhədlərinin açılması turizm və iqtisadi prosesləri dəstəkləməklə yanaşı, yoluxma sayının artmasına gətirib çıxarmalı deyil:

“Sərhədlərin açılması ilə bağlı qərar verilən zaman həm də regiondakı epidemoloji vəziyyət nəzərə alınır. Sözsüz ki, turizmin inkişafı baxımından quru sərhədlərinin açılması vacib faktorlardan biridir. Quru sərhədləri ölkəyə gələnlərin sayının müəyyənləşdirilməsinə birbaşa təsir göstərir”.