Səhmdar cəmiyyətlərin 94%-i özəlləşdirilib

Bu günə qədər Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb və keçən ilin sonuna qədər bunların 1 476-sı tam özəlləşdirilib.

Index.az xəbər verir ki,bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

O, bildirib ki, digər 90 səhmdar cəmiyyətin isə 23-nün nəzarət zərfi dövlətə məxsusdur:

“Bunların 67-sinin isə nəzarət zərfinin 30%-i dövlətdə qalıb. Bunun da müxtəlif obyektiv səbəbləri var. Özəlləşdirilmiş 1 476 müəssisədən yalnız 434-ü, yəni 30%-i öz profili üzrə və ya profilini dəyişdirməklə aktiv fəaliyyətdədir. Qalan 55%-i fəaliyyətini dayandırıb. Digərləri isə öz ərazisini icarəyə verməklə fəaliyyət göstərir. Yəni həmin müəssisələrin 55%-i özəlləşəndən sonra işləyə bilmədi. Çünki onların əksəriyyəti həm yeni dövrün tələblərinə cavab vermir, həm də əvvəlki bazarlarını itirib”.

M. Eynullayev qeyd edib ki, dövlətin payı olan digər müəssiələrdə isə mütəmadi monitorinqlər aparılır: “Onların fəaliyyətinə uyğun sahədə böyük təcrübə qazanmış sahibkarları aşkar edib onlarla fərdi görüşlər təşkil etməklə bu müəssisələrin özəlləşdirilməsini təşviq edirik. Bunun əsas yolunu isə investisiya müsabiqələrində görürük”.