“Rabitəbank” borc hesabına böyüyüb – HESABAT

“Rabitəbank” 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 48.778 milyon manat artaraq 1 milyard 3.768 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 954.990 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 701.471 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 610.877 milyon manat kredit verildiyini nəzərə alsaq, 90.594 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 241.313 milyon manat, biznes kreditlərinin payı 334.629 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 125.529 milyon manat təşkil edib.

Beləliklə, bankın kredit portfelinin 47%-dən çoxunu biznes kreditləri təşkil edir.

3-cü rübün sonuna “Rabitəbank”ın depozit portfeli 635.157 milyon manat olub. İlin əvvəlində bu göstərici 607.004 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 62.965 milyon manat artaraq 379.997 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 289.971 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 34.811 milyon manat azalaraq 255.160 milyon manata enib.

Hesabatdan görünür ki, “Rabitəbank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 193.171 milyon manatdan 211.679 milyon manata yüksəlib (18.529 milyon manat artım).

Bankın nizamnamə kapitalı dəyişməyib – 101.300 milyon manat.

Hesabat dövründə “Rabitəbank”ın faiz gəlirləri 65.670 milyon manat, faiz xərcləri isə 21.310 milyon manat təşkil edib.

“Rabitəbank” mümkün zərərlər üçün 1.583 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis mənfəəti 16.817 milyon manat olub.

“Rabitəbank”ın məcmu kapitalı isə 116.570 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.300 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.