Rəhbərlər iş yerində necə davranmalıdır? – ŞƏRH

Uzun müddət çalışdığı iş yerində yüksək vəzifəyə təyin olunan rəhbər necə davranmalıdır? İndiyədək yaxın münasibətlərdə olduğu iş yoldaşları ilə özünü necə aparmalıdır ki, həm münasibətlər pozulmasın, həm də iş prosesi zərər çəkməsin.

İndex.az xəbər verir ki, idarəetməyə həsr olunmuş «Uğura inan, öz biznesinə başla» kitabının müəllifi, tanınmış mütəxəssis Elşən Bədirxanov bununla bağlı fikirlərini paylaşıb və yeni rəhbərin ata biləcəyi addımları sadalayıb:

Ekspert yazır:

Təsəvvür edin, əməkdaş işlədiyi eyni strukturda rəhbər vəzifəyə təyin olunaraq, çörək kəsdiyi “döyüş” yoldaşlarının müdiri olur. O necə davranmalıdır? Axı bəzən sıravi əməkdaşlar arasında o qədər də populyar olmayan rəhbərliyin göstərişlərini yerinə yetirmək və ya prosedurların həyata keçirilməsinə nəzarət etmək tələb olunur. Bu vəziyyətdə nə məsləhət görmək olar?

• Birincisi, sıravi işçi olduğunuz struktura rəhbər təyin edilmisinizsə, yüksəlişinizin niyə ədalətli olduğunu heç kimə izah etmək məcburiyyətində deyilsiniz. Müdir olduğunuza görə üzrxahlıq etməli deyilsiniz.

• İkincisi, komanda ilə səmimi söhbət edərək izah edin ki, mövcud münasibətlərə dəyər verirsiniz, lakin vəziyyət dəyişib, indi strukturun bütün uğurları və uğursuzluqlarından siz cavabdehsiniz deyə münasibətlər də müəyyən dərəcədə dəyişəcək. Komandanın sizə dəstək olacağını gözlədiyinizi ifadə edib hamını əmin edin ki, hər kəs bundan yalnız faydalanacaq və məqsədlərinə çatmaq üçün birgə çalışılacaq.

• Üçüncüsü, çalışmalısınız ki, həmkarlarınız yeni vəzifələrinizin icrası ilə əlaqəli olmayan davranışlarınızda kəskin dəyişikliklər hiss etməsinlər. Məsələn, təkəbbür, başqalarına laqeyd yanaşmaq qəbuledilməzdir. İlk günlərdə əməkdaşlar tərəfindən subordinasiya pozuntularının təzahürlərinə daha loyal münasibət göstərin, amma hər belə hadisədən sonra qayda pozucularına təkbətək mütləq şəkildə izah edin ki, niyə belə etmək olmaz.

• Dördüncüsü, bəzi həmkarlarınız hələ də sizi rəhbər kimi qəbul etmir, subordinasiyanı pozmağa davam edir, göstərişlərinizi lazımınca yerinə yetirmirlərsə, müvafiq tədbirlər görün, ta günahkarı işdən azad etməyə qədər.