POS-terminala görə vergi güzəştinin müddəti başa çatdı

Ticarət və xidmət sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə POS-terminallardan istifadəyə görə verilən güzəştin müddəti başa çatıb.

İndex.az xəbər verir ki, artıq vergi müxəsəssisləri və mühasiblər bununla bağlı sahibkarlara xəbərdarlıq ediblər. Maliyyə mütəxəssisi Vüqar Mirheydərov sahibkarları 2022-ci il üzrə vergi xərclərini, xüsusi ilə cari vergi ödənişlərini hesablayarkən bu məqama diqqət yetirməyə səsləyib:

“Vergi Məcəlləsinin 102.1.24, 106.9 və 218.1-2 maddələri pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergi üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində güzəşt verirdi. Məsələ ondadır ki, bütün bu maddələrdə güzəştin təqdim olunma müddəti kimi 2019-cu ilin yanvarın 1-dən başlayaraq 3 il göstərilmişdi. Həmin müddət isə 1 yanvar 2022-ci ildə bitib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu maddələr haqqında bir söz belə olmamasını nəzərə alaraq, demək olar ki, 2022-ci ildə bu güzəştlər tədbiq oluna bilməz”.

Həmin güzəştin mahiyyəti ondan ibarət idi ki, POS-terminal vasitəsi ilə həyata keçirilən əməliiyatların ümumi dövriyyəsindəki payına görə vergi ödəyicisi mənfəət (gəlir) və ya sadələşdirilmiş vergi məbləği azaldılırdı.

Məsələn, tutaq ki, vergi ödəyicisinin 2021-ci il ərzində gəlirləri 250 000 manat, gəlirdən çıxılan xərcləri isə 150 000 manat təşkil edib. Deməli, onun 100 000 manat mənfəəti olub. Bu mənfəətdən 20 000 manat mənfəəət vergisi ödəməlidir:
100 000 x 20% = 20 000 manat.

Lakin əgər gəlirlərinin 150 000 manat hissəsi əhalidən POS-terminal vasitəsi ilə əldə edilibsə, onda həmin vergi ödəyicisi 3 000 manat güzəşt hüququ əldə edirdi:
(150 000 / 250 000) x 20 000 x 25% = 3 000 manat

Bu zaman mənfəət vergisi 20 000 manat yox, 17 000 manat məbləğdə ödəyirdi.

V.Mirheydərov qeyd edib ki, Məcəllədə həmin maddələrin mətnində dəyişiklik olmazsa, 2022-ci ildə artıq bu güzəştlərdən faydalanmaq mümkün olmayacaq.