“Kanalizasiya problemimiz 12 ildir həll olunmur” – FOTO

“Bütün çirkab suları küçə ilə axır. Ətrafda antisanitar vəziyyət yaranıb. Qəsəbəmizin kanalizasiya problemi on iki ildir ki, həll olunmur”.

İndex.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsinin bir qrup sakini müraciət edib.

Sakinlər bildirirlər ki, küçədəki kanalizasiya xətləri bərbad haldadır: “Kanalizasiya şəbəkəsi var, lakin xətlər öz istismar müddətini başa vurduğundan küçələri pis hala qalıb. Mərkəzi borular köhnə olduğu üçün çirkab suları küçəyə axır. Düzgün quraşdırılmayan, kiçik və köhnə kanalizasiya borularına calanan iri kollektor var. Bu boruların ötürmə gücü olmadığı üçün kollektorda yığılan ətraf qəsəbənin kanalizasiya suları küçə boyu axır. Burada bizim uşaqlarımız yaşayır axı. Bu vəziyyət nə cür desən, xəstəliyin yaranmasına səbəbdir. Üfunət iyindən burada dayanmaq mümkün deyil. Hələ yağış yağanda vəziyyət lap pis olur. Küçə keçilməz hala qalır. 2011-ci ildən bəri hər yerə müraciətlər etmişik. Lakin baxan yoxdur”.

Problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələdən xəbərdardılar. Qeyd edilib ki, tezliklə bu küçədəki kanalizasiya xətti yenilənəcək: “Bizim mütəxəssislər orada olub və yerində baxıblar. Orada mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Vətəndaşlar tərəfindən yaradılmış primitiv, tikinti normalarına cavab verməyən şəbəkələrdir. Həmin şəbəkələr çox yüklənib, istifadəçisi çoxdur. Buna görə də həmin ərazilərdə müəyyən problemlər yaranıb. Orada 300 metrlik hissənin yenidən qurulmasına ehtiyac var. Mütəxəssislərimiz oraya baxış zamanı eskiz cızıblar və həmin işlər reallaşdırılacaq”.