İpoteka Fondunun mənfəəti 10 milyon manata çatır

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 9,891 milyon manat mənfəətlə başa vurub.

İndex.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.

Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 31,199 milyon manat (1 il əvvələ nisbətən 17,4% çox), faiz xərcləri 16,672 milyon manat (24 % çox), gözlənilən kredit zərəri 630 min manat (37,7% az), haqq və komissiya gəlirləri 735 min manat (6,3% az), haqq və komissiya xərcləri 604 min manat (40,5% çox), digər gəlirləri 588 min manat (15,7% çox), insan resursları üzrə xərclər 2,391 milyon manat (2,6% çox), inzibati və digər xərcləri isə 2,335 milyon manat (6,1% çox) təşkil edib.

Bu il iyuluın 1-nə İKZF-nın aktivləri 2 182,564 milyon manat olub ki, bu da illik müqayisədə 18,9 % çoxdur. Bunun 1 569,899 milyon manatı ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 23,7 % böyüyüb.

Hesabat dövründə İKZF-nın öhdəlikləri 30,9% artaraq 1 272,01 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 25,3% artaraq 1 186,822 milyon manata, balans kapitalı isə 5,4% artaraq 910,555 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,7% artaraq 798 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.