Hesablama Palatası 16 milyon manat büdcə vəsaitini bərpa edib

Hesablama Palatasının by ilin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 milyon manat məbləğində vəsaitin bərpası, 6,5 milyon manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 milyon manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.

İndex.az bu barədə qurumun yarım illik hesabatına istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, 2021-ci ilin dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətinin qiymətləndirilməsi üçün analitik prosedurlar tətbiq edilməklə müvafiq araşdırmaya başlanılması qərara alınıb. Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər.

Yol verilmiş pozuntuların aradan qaldırılması, eyni zamanda fəaliyyətin müxtəlif istiqamətlər üzrə gücləndirilməsi məqsədilə Hesablama Palatasının Kollegiya Qərarlarında 52 (maliyyə və prosedur xarakterli olmaqla) tövsiyə əks etdirilib.

Hesabat dövründə qanunvericilikdə qeyd edilmiş müddətlər nəzərə alınmaqla Kollegiya Qərarları üzrə müəyyən edilmiş məbləğin 80,4%-nin bərpası təmin edilib.

Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib. 1 tədbir üzrə Nazirlər Kabinetinə, 4 tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Maliyyə Nazirliyinə, 4 tədbir üzrə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib.

Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumların atdığı addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılmış, əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 milyon manat vəsaitin bərpası təmin edilib, bundan əlavə, 943 min manat məbləğində debitor borc bağlanılıb və yaxud ləğv edilib, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 milyon manat hesabatlarda əks etdirilib vergi bəyannamələrində dəqiqləşmələr aparılmış, intizam tənbeh tədbirləri tətbiq edilib, eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib.