Biznesmen piyadanı vurub özünü asdı

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxs biznesmen imiş.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.