“Avro 7” standartları gözləniləndən baha başa gələcək

Brüsseldə yerləşən Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2025-ci ilin iyul ayında avtomobillərə və yüngül ticari avtomobillərə, 2027-ci ilin iyulunda isə ağır avtomobillərə tətbiq edilməsi planlaşdırılan “Avro 7” emissiya standartları ilə bağlı açıqlama yayıb.

İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin avtomobil istehsalçıları daxili yanma mühərrikli avtomobillərə daha sərt emissiya qaydaları tətbiq edəcəyi gözlənilən “Avro 7” standartlarının gözləniləndən baha başa gələcəyini bildiriblər.

Açıqlamada bildirilib ki, yeni aparılan araşdırmaya görə “Avro 7” standartlarının birbaşa xərclərinin Aİ Komissiyasının təxminlərindən 4-10 qat daha yüksək olduğunu təyin edilib.

“Avro 7” tənzimləməsi avtomobil, yük maşını və avtobusların istehsal xərclərini artıracaq.

Açıqlamada vurğulanıb ki, yeni standartlara uyğun olaraq, daxili yanma mühərrikli avtomobillər və mikroavtobuslar üçün bir avtomobilin qiyməti təxminən 2000 avro, dizel yük maşınları və avtobuslar üçün isə təxminən 12.000 avro təşkil edəcək.