“Yanacaqdoldurma məntəqəsindən 20 metr aralıda bina tikilir” – FOTO

“Yeni Günəşlidə yanacaqdoldurma məntəqəsinin arxasında yaşayış binası tikilir. Aralarında heç 20 metr məsafə yoxdur”.

İndex.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, tikintini məntəqədən istifadə edərkən görüb: “Yaxınlaşıb baxdım ki, yaşayış binası tikirlər. Allah eləməsin, partlayış olsa buna kim cavab verəcək?!”

Məsələ ilə bağlı Fövqalada Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurum “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi araşdırma aparıb və məlum olub ki, vətəndaşın fotosunu və haqqında məlumat paylaşdığı binanın tikintisi üçün lazım olan sənədlər var. Yəni lazım olan qurumlardan icazəsi alınıb. Tikintisi də qaydalara uyğun olaraq gedir. Tikintidə ara məsafə də qorunub. Belə ki, müvafiq qanunvericiliyə əsasən tikinti 25 metr məsafədə qurulmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən binalararası ara məsafə, bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır.