“Volvo” 1 300 işçisini ixtisar edir

Tanınmış avtomobil istehsalçısı “Volvo Car AB” şirkəti İsveçdə təxminən 1,3 min ofis işçisini ixtisar etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə “Volvo Car”ın rəsmi açıqlamasında deyilir.

Bildirilir ki, bu, şirkətin adışəkilən ölkədəki işçilərinin təxminən 6%-ni təşkil edir.

Belə bir addım xərc və resurs səmərəliliyinin optimallaşdırılması planının bir hissəsidir.

“Keçən il başlatdığımız xərclərin azaldılması tədbirləri bəzi əsas sahələrdə öz bəhrəsini verməyə başlayır”,  deyə şirkətin CEO-su Cim Rouan bildirib.

O qeyd edib ki, lakin, şirkət daha çox iş görməlidir: “Artan əmtəə qiymətləri və rəqabət yəqin ki, gələcəkdə bir müddət sənayemiz üçün problem olacaq”.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayına olan məlumata görə, “Volvo Car”ın dünya üzrə təxminən 43,2 min işçisi var.