Sinqapur artan inflyasiyaya qarşı tədbir görmür

İnflyasiyanın yüksəlməsinə baxmayaraq “Sinqapur Valyuta Təşkilatı” pul siyasətini dəyişməyib.

İndex.az xəbər verir ki, Sinqapurda inflyasiya son 14 ilin ən yüksək səviyyəsinə çatsa da, “Sinqapur Valyuta Təşkilatı” (MAS) keçən il 4 dəfə sərtləşdirdiyi pul siyasətini bu dəfə sürpriz bir qərarla dəyişmədi.

Bununla bağlı “Sinqapur Mərkəzi Bankı”nın bəyanatında bildirilib ki, Sinqapur dolları üçün nominal effektiv məzənnə cari bahalaşma tempini qoruyub saxlayacaq.

Bəyanatda qeyd olunub ki, əsas inflyasiya növbəti bir neçə ay ərzində yüksək həddə qalsa da, ilin ikinci yarısında tədricən azalacağı gözlənilir.

“Sinqapurun Ticarət və Sənaye Nazirliyi”nin ilkin hesablamalarına görə, 2023-cü ilin birinci rübündə ÜDM illik müqayisədə 0,1% artıb.

Bu isə, ötən il qeydə alınan 2,1%-lik artımdan aşağıdır.

Əvvəlki rüblə müqayisədə Sinqapur iqtisadiyyatı 0,7% azalıb.