Sənaye istehsalı 2% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 34,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,5% artıb.

Sənaye məhsulunun 69,5%-i mədənçıxarma sektorunda, 25,3%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 % artıb.

Emal sektorunda ağac emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 88,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 48,7 %, kağız və karton istehsalı 35,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,9 %, poliqrafiya məhsullarının istehsalı 33,3 %, içkilərin istehsalı 26,5 %, neft məhsullarının istehsalı 23 %, hazır metal məmulatlarının istehsalı 21,5 %, tikinti materiallarının istehsalı 20,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16 %, qida məhsullarının istehsalı 11,9 %, maşın və avadanlıqların istehsalı 10,9 %, mebel istehsalı 7,2 %, tütün məmulatlarının istehsalı 7 %, elektrik avadanlıqlarının istehsalı 6,4 %, kimya sənayesi məhsullarının istehsalı 3,1 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 %, əczaçılıq məhsullarının istehsalı 27,3 %, sair sənaye məhsullarının istehsalı 29,0 %, geyim istehsalı 32,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 33,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 37,2 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17 % artıb.