“Sədərək” gömrük postunda sürücülərdən qanunsuz pul yığılır?

Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirib.

Komitənin məlumatında qeyd edilir ki, “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır: “Hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir”.

Qeyd edək ki, Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.