Qeydiyyata alınan daşınmaz əmlakların sayı 44% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İndex.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 % çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58 314-ü (15,6 %) ilkin, 315 333-ü (84,4 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində 300 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6 % artaraq 61 393 təşkil edib.