Qatarla avtomobil qəzaları artır – Məsuliyyəti kim daşıyır?

Son zamanlar avtomobillər üçün nəzərdə tutulmuş dəmir yolu keçidlərində avtomobillərin qatarlarla toqquşması halları həddindən artıq çoxalıb.

İndex.az xəbər verir ki, yaxın keçmişə nəzər saldıqda belə qəzaların demək olar ki, hər ay baş verdiyini görə bilərik.

Məsələn, elə bu ay, noyabrın 24-ündə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Yenə bu ay, noyabrın 14-ü, Yeni Suraxanı satansiyasında “Opel” markalı avtomobil qatara çırpılıb.

Oktyabr ayı da qəzasız ötüşməyib. Belə ki, oktyabrın 25-i Xaçmazda yerləşən Çarxı stansiyası yaxınlığında “Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz hərəkətdə olarkən “Mercedes” markalı avtomobil ilə toqquşub.

Qatar qəzaları bununla da yekunlaşmır. Avqustun 29-u Sumqayıt-Çay mənzilində, avqustun 20-si Yeni Suraxanı qəsəbəsində, iyulun 20-si Zirə qəsəbəsində, iyunun 23-ü Neftçala rayonunda, yanvarın 16-sı Qala qəsəbəsində avtomobillər dəmir yolu keçidindən keçərkən qatarlarla toqquşub.

Ümumilikdə, bu il qatar qəzaları nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

İctimaiyyət arasında qəzalara səbəb kimi, keçid məntəqələrində nəzarətçilərin olmaması, şlaqbaunların vaxtında açılıb-bağlanmaması və yaxud ümumiyyətlə bağlı olmaması göstərilir. Nəzarətin olmamasına səbəb isə “Azərbaycan Dəmir Yolları”nın işçilər arasında apardığı ixtisarlardır. Belə olduqda işçi çatışmazlığı yaranır ki, bu da özünü nəzarətsiz keçid məntəqələrində və artan qəza saylarında göstərir.

İndex.az məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidməti ilə əlaqə saxlayıb.
“Azərbaycan Dəmir Yolları”nın mətbuat xidməti verdiyi cavabda “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının 44-cü maddəsini əsas gətirərək bütün günahların avtomobil sürücülərində olduğunu bildirib:

“Dəmir yolu keçidlərindən nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı sürücülər ‘’Yol-hərəkəti haqqında’’ Azərbaycan Respublikasının 44-cü maddəsinin tələblərinə ciddi riayət etməli, keçidin qatardan tam boş olmasına əmin olduqdan sonra yola davam etməlidirlər. Dəmir yolu keçidləri kritik təhlükəli zona hesab olunduğundan sürücülər dəmir yolu keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına ciddi fikir verməli, maşını saxlamalı, sağ və sol tərəfdən qatarın gəlməməsinə əmin olduqdan sonra yola davam etməlidirlər. Baş vermiş hadisələr birmənalı olaraq avtomobil sahiblərinin müvafiq qanunun tələblərini ciddi pozması nəticəsində baş verir”.

Açıqlamadan da göründüyü kimi, həm ixtisarlar, həm də nəzarətsiz keçid məntəqələri haqqında suallar cavabsız qalıb.

“Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin sözlərinə görə, sürücülər keçiddən keçərkən, keçidin qatardan tam boş olmasına və xəbərdarlıq nişanlarına ciddi fikir verməlidilər. Lakin nəzərə almaq lazımdır, ki, keçidə qatar yaxınlaşarkən xəbərdarlıq nişanları işə düşməli və şlaqbaunlar bağlı olmalıdır. Çünki, şlaqbaunlar bağlı olarsa, sürücü qatarın yoluna heç bir halda çıxa bilməz. Qatarın gəlməsinə baxmayaraq işə düşməyən xəbərdarlıq nişanları və bağlanmayan şlaqbaunlar sürücüləri qatarın önünə çıxarır. Bunun birmanalı səbəbi isə keçid məntəqələrində bu məsələlərə nəzarət edəcək işçilərin ixtisar olunmasıdır.

Amma bir məsələ də budur ki, “Azərbaycan Dəmir Yolları” baş verən bu qəzaların aradan qaldırılması və bir daha təkrar olunmaması ilə bağlı qətiyyən düşünmür. Çünki, düşünsəydi, ən azı bununla bağlı hər hansı bir tədbir görərdi. Göründüyü kimi, tədbirlər görülmür. Əks halda, qəzaların günahını sürücülərin üstünə atılmazdı!

Biz isə İndex.az olaraq avtomobillər üçün nəzərdə tutulmuş dəmir yolu keçidlərində avtomobillərin qatarlarla toqquşması üçün və bir daha belə xoşagəlməz halların təkrarlanmaması üçün sürücülüri diqqətli və ehtiyatlı olmağa çağırırıq. Atalar demişkən, ehtiyat igidin yaraşığıdır!